Şüşələr Haqqında

Optik şüşələr materialına görə minearal, orqanik (CR39), polikarbonat və trivex olmaqla 4 yerə bölünür.

İlk dəfə görməni korreksiya etmək üçün mineral şüşələrdən istifadə olunsa da, ağırlığı və asan sınması, xüsusən də qəza hadisələri zamanı ciddi xəsarət verə bilmə xüsusiyyətlərinə görə müasir dövrdə peşəkarlar tərəfindən istifadəsi məsləhət görülməyən materialdır.

Orqanik şüşələr və ya Columbia Resin 39 (termal kürlənmiş plastik 39-cu formul) adı ilə tanınan şüşələri isə ilk dəfə 1947 ci ildə Kaliforniyada Armorlite Lens Company satışa çıxarmışdır.

Orqanik şüşələr mineral şüşələrdən 2 dəfə yüngül çəkidə ola bildiyi və mükəmməl optik görünüş verə bildikləri üçün optik mütəxəssislər tərəfindən geniş istifadə olunmağa başlandı. 

Polikarbonat optik dünyaya ilk dəfə 70-ci illərin sonlarında oftalmik linza kimi təqdim edilmişdir. Zərbələrə qarşı üstün müqaviməti sayəsində polikarbonat, şüşə optik eynəklərdə geniş tətbiq edilir. Polikarbonat  yüngül çəki ,dözümlülük, UV şualarından qoruma xüsusiyyətlərinə görə üstünlük verilən bir materialdır. 

 Trivex şüşələr orqanik antirefle (antiblik) və polikarbonat şüşələrin üstün cəhətlərini özündə birləşdirən şüşələrdir. Qırılma və zərbələrə dözümlü olduğu kimi, bəzi maddələrə (aseton, spirt, saç lakı və s,) qarşı davamlıdır. UV A və UV B şüalarından 100% qoruyur. Trivex şüşələri – idmançılar, uşaqlar, qoruyucu eynək və ən incə çərçivəsiz eynək istifadə edən şəxslər üçün çox uyğun və uzun ömürlü şüşə növü olaraq tövsiyyə olunur.

Görmə mərkəzlərinə görə optik şüşələr 3 yerə ayrılır: Monofokal, Bifokal və Multifokal (Proqressiv) şüşələr. Monofokal şüşələr – yalnız bir növ görməni (yaxın və ya uzaq üçün) korreksiya edən tək görmə mərkəzli şüşələrdir. Bifokal şüşələr – yaxın və uzaq görməni tək bir eynəkdə təqdim edən şüşələrdir və istəyə bağlı olaraq bu şüşələrdə yaxın və uzağı bildirən hissələri bir xətlə ayırmaq və ya yarımdairə şəklində qeyd etmək də olur.

Multifokal və ya Proqressiv şüşələr isə – Presbiopiyanın korreksiyasının ən müasir üsulu hesab olunub, yaxın, orta və uzaq məsafədə görmə üçün nəzərdə tutulan, istifadəçinin fərdi ölçülərinə uyğun olaraq dizayn edilən və xüsusi sifarişlə istehsal edilən şüşələrdir. Bu cür xüsusi sifarişlə istehsal olunan şüşələrin əsas üstünlükləri isə istəyə görə əlavə edilə bilən xüsusi sürücü (driver-sarı örtük), blueblock (elektron cihazlardan yayılan şüa əleyhinə), antiblick (yansıma əleyhinə), fotoxrom və ya xamilyon (gün islığında tündləşən) kimi örtüklər sayəsində 1 eynəkdə 4-5 eynəyin funksionallığını toplayıb yalnız 1 eynək daşımaq rahatlığını təqdim edə bilməsidir. Proqressiv eynəklər müxtəlif peşə sahiblərinin onlardan rahat istifadə edə bilməsini təmin edə bilmək üçün daxilində peşə qrupları üzrə tələblərə uyğun olaraq xüsusiləşdirilmiş şəkildə istehsal edilməkdədir.

Eynəklər dizaynına görə sferik və asferik olmaqla qruplara ayrılır. Sferik eynəklərdə istifadəçi mərkəzdən baxanda görüntü aydın olub kənarlara doğru getdikdə görüntü keyfiyyətində bulanıqlıqlar yaranır. Asferik eynəklərdə isə istifadəçi eynəyin hər tərəfindən baxanda aydın görüntü keyfiyyəti dəyişməz qalır.